Azərbaycanda əmlak sığortası bazarı 15 % böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 147,518 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 17,393 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7,1 % azdır.

Yanvar-oktyabr aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 11,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 14,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 797,625 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 359,297 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % azdır.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,9 manat olub.

Digər xəbərlər