Azərbaycanda debüt IPO-nun vaxtı məlum olub

Sentyabrda Bakı Fond Birjasının (BFB) ticarət platformasında Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin ilkin kütləvi təklifinə (IPO) başlanacaq.

BFB-dən "Report"a verilən məlumata görə, 2024-cü il iyunun 11-dən sentyabrın 10-dək bankın səhmlərinə abunə yazılışı keçiriləcək. Satışa hər birinin minimal qiyməti 27 qəpik olan 322 milyon ədəd səhm çıxarılıb.

“Abunə yazılışı başa çatdıqdan sonra qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcəkdir. Abunə yazılışı başa çatdıqdan 2 iş günü ərzində yerləşdirmənin keçirilmə vaxtı ictimaiyyətə açıqlanacaq və abunə yazılışı bitəndən 5 iş günü ərzində yerləşdirmə başlanacaqdır. Abunə yazılışı üzrə yerləşdirmə müddəti maksimum 7 iş günü təşkil edir”, - BFB-dən bildiriblər.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bildirib ki, yeni buraxılmış səhmlər tam yerləşdikdən sonra bankın nizamnamə kapitalında özəl investorların payı 10 %-dək artacaq, dövlətin payı isə 90 %-ə qədər azalacaq.

Onun sözlərinə görə, banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. A.İbrahimov bildirib ki, maksimal sifariş limitinin bir investor üzrə 20 min manat dəyərində 75 min ədəd səhm müəyyən edilməsi də bununla bağlıdır.

“Bunun əsas məqsədi daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq. ABB 6 il ərzində hər il səhmdarlara dividendlər ödəyir. Bank daha da inkişaf etdikcə və gəlirlilik artdıqca dividend üzrə gəlirlilik 15 %-i ötəcək”.

A.İbrahimov əlavə edib ki, ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarından biridir: “Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156,6 milyon manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1 %-ə yüksəlib”.

Abunə yazılışı dövründə bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər. Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki “İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33