Bu ilin yanvar-may ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 62 milyon 945,8 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur.
Son 1 ildə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 8.8% artaraq 39 milyon 101,5 min manata çatıb.
Ötən il bu sığortadan toplanmış hər 100 manatı 91%- i müştərilərə geri ödənilib. Сari ilin hesabat dövründə bu rəqəm 62 manata enib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.