“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1 %-dən çox azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I yarısını 2,862 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötənilin eyni dövrünə nisbətən 1,3 % azdır.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 26,257 milyon manat (illik müqayisədə 5,7 % çox), xərcləri 22,273 milyon manat ( 3,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 406 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 716 min manat (1,8 % az) təşkil edib.

Bu il iyulun 1-nə ASB-nin aktivləri 814,843 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur. Bunun 290,83 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,1 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 14,9 % artaraq 690,689 milyon manat, o cümlədən depozit portfeli 12,7 % artaraq 490,693 milyon manat, balans kapitalı isə 5,9 % artaraq 124,153 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Digər xəbərlər