Bakı. 21 aprel. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) cəmi aktivləri bu il aprelin 1-nə 949,376 mln. manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 42% çoxdur.
ASB-nin aktivlərinin 29,8%-ni və yaxud 283,171 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 4,3 dəfə böyüyüb.
Son 1 ildə ASB-nin cəmi öhdəlikləri 46,7% artaraq 862,548 mln. manata, o cümlədən depozit portfeli 46,3% artaraq 595,9 mln. manata çatıb. Bunun 313,819 mln. manatı fiziki şəxslərin müddətli depozitləri olub ki, bu da illik müqayisədə 3,9% azdır.
Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 10 mln. manat olaraq qalıb.
Hesabat dövründə kredit təşkilatının cəmi kapitalı isə 8,1% artaraq 86,828 mln. manata çatıb.
Bu ilin I rübündə ASB-nin faiz gəlirləri 6,649 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 38,9% çox), faiz xərcləri 3,954 mln. manat (87,9% çox), qeyri-faiz gəlirləri 2,349 mln. manat (21% çox), qeyri-faiz xərcləri isə 2,529 mln. manat (28,8% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 2,516 mln. manat olub ki, bu da illik müqayisədə 5,4% azdır.
ASB aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 576 min manat ayırıb, 372 min manat isə mənfəət vergisi ödəyib. Bununla da Bank rübü 1,567 mln. manat xalis mənfəətlə başa vurub. Bu 1 il əvvələ nisbətən 41,4% azdır.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Səhmlərin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.