"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "İnternational Leasing” ASC-nin 1 milyon manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində şərti-listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 1 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.
Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 21 dəfə artaraq 50 min manatdan 1,050 milyon manata çatacaq.
Xatırladaq ki, “İnternational Leasing” 2021-ci ildə yaradılıb.