"Artıq Azərbaycan banklarında süni intellektdən kifayət qədər istifadə olunur. Bu həm kadr təminatına, həm də vaxta qənaətə səbəb olur".
Bunu “Report”a “Paşa Bank” ASC-nin Rəqəmsal mühəndislik şöbəsinin müdiri Şamil Fərəcullayev deyib.
“Biz artıq “Paşa Bank”da süni intellekti tətbiq edirik. Məsələn, müştəri müraciət etdikdə biz ona 1-2 saat ərzində kredit vermək istəyiriksə, aydındır ki, kredit mütəxəssisi bunu bu müddət ərzində həll edə bilməz. Yəni bir insanın müraciət edənin gəlirini, xərclərini, kredit tarixçəsini bir saat ərzində analiz edib qərar verməsi mümkünsüzdür. Ona görə də yaratdığımız süni intellekt müştərinin təqdim etdiyi sənədlər əsasında lazım olan informasiyaları əldə edə bilir. Həmçinin bu informasiyalar əsasında müştəriyə hansı məbləğdə, hansı şərtlər əsasında kredit verməyin mümkünlüyünü ortaya çıxarır. Biz əldə etdiyimiz bu nəticəni müştəriyə təqdim edirik. Əgər o razılaşırsa, bunun əsasında kredit verilir”.
Ş.Fərəcullayev həmçinin qeyd edib ki, bank inkişafına davam edir, yeni məhsullar üzərində iş gedir, kadr təminatı yenilənir:
“Pandemiya səbəbindən bank sektorunda gözlədiyimiz nəticələri əldə edə bilmədik. Amma ümumi bazarla müqayisə etdikdə, deyərdim ki, “PAŞA Bank”da hazırda vəziyyət stabildir. Şirkət rəqəmsal məhsullar sahəsində fəaliyyətini uğurla davam etdirir. Bildiyiniz kimi, “Paşa Bank” korporativ bankdır, yəni müştərilərimiz daha çox böyük şirkətlər, həmçinin kiçik və orta sahibkarlardır. Son dövrlərdə biz onlayn kredit məhsulumuzu təqdim etdik. Bazarda yenilik kimi qəbul olunan bu məhsul əvvəl şirkətlərin bir həftə ərzində əldə etdiyi krediti indi onlara bir neçə saat ərzində təqdim edir. Bu da sahibkarlar üçün gözəl bir fürsətdir”.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Ador" MMC-yə, 10 %-i Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.
Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 6 milyard 408,381 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,2 % çoxdur. Bunun 2 milyard 478,985 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 20,3 % böyüyüb. “PAŞA Bank” ASC 2021-ci ili 90,18 milyon manat xalis mənfəətlə başa vurub.