“Azər-Türk Bank" ötən ilin maliyyə nəticələrini açıqlayıb

“Azər-Türk Bank” ASC 2021-ci ili 546 min manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 29,1% çoxdur.

Ötən il “Azər-Türk Bank”ın gəlirləri 35,819 milyon manat (əvvəlki illə müqayisədə 15,4% çox), xərcləri 35,676 milyon manat (18,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 747 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 344 min manat (14% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azər-Türk Bank”ın aktivləri 407,328 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4% çoxdur. Bunun 226,127 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 41,1% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 15,5% artaraq 350,348 milyon manata, o cümlədən depozit portfeli 15,3% artaraq 207,486 milyon manata, balans kapitalı isə 1,9% artaraq 56,98 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Digər xəbərlər