“Azər-Türk Bank” ASC bu ilin I yarısını 812 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 81,3% çoxdur.
Yanvar-iyun aylarında “Azər-Türk Bank”ın gəlirləri 23,219 milyon manat (illik müqayisədə 60,4 % çox), xərcləri 22,231 milyon manat (54,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 177 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Azər-Türk Bank”ın aktivləri 598,969 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 78,6 % çoxdur. Bunun 279,987 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 70,9 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 93,8 % artaraq 540,352 milyon manata, o cümlədən depozit portfeli 37,8 % artaraq 222,609 milyon manata, balans kapitalı isə 3,7 % artaraq 58,617 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.