“Azenco" maliyyə vəziyyətini açıqlayıb

“Azenco” ASC 2023-cü ili 4,415 milyon manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildə səhmdar cəmiyyətinin gəlirləri və xərcləri eyni olmuşdu.

“Report” xəbər verir ki, 2023-cü ildə “Azenco”nun satışdan gəlirləri 32,473 milyon manat (2022-ci ilə nisbətən 20,1 % az), satışının maya dəyəri 28,286 milyon manat (9,3 % çox), əsas maliyyə gəlirləri 554 min manat (2,6 dəfə az), sair maliyyə gəlirləri 280 min manat (86,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri 81 min manat (266,3 dəfə az), sair xərcləri 142 min manat (2022-ci ildə olmayıb), faiz xərcləri 223 min manat (2,3 dəfə çox), məzənnə fərqindən gəlir çıxılmaqla zərəri 158 min manat (97,5 % çox) təşkil edib.

2024-cü il yanvarın 1-nə “Azenco”nun aktivləri 231,448 milyon manat olub ki, bu da illik müqayisədə 2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,5 % artaraq 54,397 milyon manata, balans kapitalı isə 1 % artaraq 177,051 milyon manata çatıb.

Xatırladaq ki, “Azenco” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6%-i "İnterenerji" MMC-yə, 2,4%-i isə fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər