Bakı. 27 mart. REPORT.AZ/ “AXA MBask” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 33,77 mln. manat təşkil edib.
“Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,8% azdır.
2017-ci ildə “AXA MBask”ın cəmi öhdəlikləri 17,2% azalaraq 15,168 mln. manata, cəmi kapitalı isə 6,9% azalaraq 18,603 mln. manata düşüb.
Ötən il “AXA MBask”ın gəlirləri 27,339 mln. manat (əvvəlki ilə nisbətən 6,1% çox), xərcləri isə 27,707 mln. manat (9,7% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 368 min manat xalis zərərlə başa vurub. Halbuki “AXA MBask” 2016-cı ildən 404 min manat xalis mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmlərinə 100% sahib olan Fransanın AXA qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” bir qədər əvvəl maliyyə qurumunu azərbaycanlı iş adamı, “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satmağa qərar verib. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.