“Atəşgah Sığorta" şirkətinin növbəti 3 il üçün inkişaf strategiyası təsdiq olunub.
“Report” sığorta şirkətinə istinadən xəbər verir ki, strategiya şirkətin sığortalamanın ənənəvi seqmentləri və növlərində həm sığorta mükafatlarının göstəriciləri üzrə dayanıqlı inkişafını, eləcə də ümumilikdə biznesin maliyyə nəticələrinin artımını nəzərdə tutur. Strategiyada nəzərdə tutulmuş başlıca vəzifələr biznesin səmərəliliyinin artırılmasından və strateji hədəflərin icrasının əsas resursu kimi insan kapitalının inkişafına diqqətin gücləndirilməsindən ibarətdir.
“Atəşgah Sığorta" üçün vacib hesab olunan idarəetmə və insan kapitalının inkişafı mövzularını yeni inkişaf mərhələsinə çıxarmaq, korporativ mədəniyyətin davamlı inkişafının və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə sözügedən hədəflərin əsas prioritet kimi müəyyən edilməsi və Direktorlar Şurası tərəfindən onların həyata keçirilməsinə nəzarətin təmin edilməsi üçün şirkətdə Direktorlar Şurası yanında Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitə yaradılıb", - məlumatda deyilir.
Bildirilir ki, komitənin vəzifələri bütün qeyd olunan istiqamətlərin sistemli inkişafının təmin edilməsindən ibarət olacaq.
Şirkətin təşkilati və dayanıqlı inkişaf üzrə direktoru vəzifəsinə Sevinc Məmmədova təyin edilib.
"O, eyni zamanda şirkətin Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitəsinə rəhbərlik edəcək. S.Məmmədova ölkəmizin dövlət qurumlarında, o cümlədən Xarici İşlər Nazirliyində, son 5 il ərzində isə Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyində çalışmış, bundan əlavə beynəlxalq maliyyə institutlarında və kommersiya sektorunda fəaliyyət göstərmiş şəxs kimi böyük və zəngin iş təcrübəsinə malikdir. O, şirkətin korporativ mədəniyyətinin təkmilləşdirilməsində, insan kapitalının idarəetməsində mühüm rol oynayacaq və şirkətin dayanıqlı inkişafına yeni təkan verəcək", - məlumatda deyilir.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Bu ilin yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 46,565 milyon manat olub ki, bu da illik müqayisədə 17,4 % çoxdur.