Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiyalarını Afrika qitəsindən geri çəkib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
İkinci rübün yekununa bu investisiyalar ARDNF-in portfelində 0,1 % (təqribən 45 milyon ABŞ dolları) təşkil edib.
Məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun investisiyalarında Avropa ölkələrinin payı 29,2 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 20,2 % olub.
Bu rəqəmlər 2021-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 30,02 % və 21,23 % təşkil edib.
Digər regionlardan Şimali Amerikanın payı 26,71 %-dən 30,7 %-ə, Avstraliya və Yeni Zelandiyanın payı 1 %-dan 0,8 %-ə, Yaxın Şərq regionunun payı 0,68 %-dən 0,4 %-ə, Cənubi Amerika regionunun payı 0,04 %-dən 0,1 %-nə qədər dəyişib.
Bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 59,86 %-dən 61,1%-ə qalxıb.
Bu müddət ərzində inkişaf etməkdə olan ölkələrin payı isə 19,82 %-dən 20,3 %-ə qalxıb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,51 %-dən 6,6 %-yə azalıb.