Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 54 milyard 914,25 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9 milyard 650,92 milyon ABŞ dolları və ya 21,2 % çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Bildirilir ki, hazırda ARDNF-in investisiyalarının 69,6 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 1,4 faiz bəndi azdır.
Hesabat dövründə investisiya portfelində avronun payı 1 faiz bəndi artaraq 19,6 %, ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi artaraq 4,9 % səviyyəsində olub.
Avstraliya dollarının payı dəyişməyərək 0,6 % səviyyəsində qalıb.
Türk lirəsinin və Rusiya rublunun payı 0,4 %-dən 0,2 %-ə, Çin yuanının payı isə 1,2 %-dən 1 %-ə düşüb.
Həmçinin, il ərzində yapon yeninin payı 1,1 %-dən 1,4 %-ə, digər xarici valyutaların payı isə 1,9 %-dən 2,5 %-ə qalxıb.