“Anglo-Asian Mining” pul vəsaitlərinin həcmini açıqlayıb

Bu ilin I yarısının sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitlərinin həcmi 36,6 milyon ABŞ dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.

Hesabata əsasən, şirkətin pul vəsaitlərinin həcmi 2020-ci ilin ilk altı ayın göstəriciləri ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 5,7 % azalıb.

Məlumata görə, bu ilin ikinci yarısının əvvəlinə şirkətin borcu olmayıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Digər xəbərlər