Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
"Report" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq AMB faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən, yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək.
Faiz dəhlizinin parametrləri AMB-nin İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.