Azərbaycanda daşınmaz əmlakın sığortasının könüllü qaydada aparılması real görünmür.
Bunu “Report”a açıqlamasında Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O bunu iki fundamental amillə izah edib: “I amil ölkə əhalisinin sovet iqtisadiyyatı keçmişi ilə bağlı yaranmış mental modelidir. Bildiyiniz kimi o vaxt iqtisadiyyatda bütün mülkiyyət dövlətə məxsus idi, ona görə əmlakla bağlı risklər də dövlətin üzərində idi. Təbii və təbiətlə bağlı olmayan hadisələr nəticəsində mülkiyyətə dəyən zərərləri dövlət qarşılayırdı. Ona görə də “əmlakımıza dəyən zərərlə bağlı dövlət maliyyə yardımı edəcək” gözləntisi daşınmaz əmlakla bağlı risklərin sığortaya ötürülməsi təcrübəsinin formalaşmasının önünə keçir.
II amil odur ki, sığorta münasibətləri cəmiyyətimiz üçün yenidir, əhalinin mühüm hissəsi əmlakla bağlı sığorta münasibətlərinə daxil olmadığından bu sahədə lazımı məlumatlığa və təcrübəyə malik deyil. Belə olan halda əhalinin və iş adamlarının könüllü və kütləvi qaydada daşınmaz əmlak sığortasına müraciət etməmələri anlaşılandır”.
Z.Əliyevlə müsahibəni buradan oxuya bilərsiniz.