Azərbaycandan xarici valyutanın çıxarılması məbləği müəyyənləşdirilib

Bakı. 17 mart. REPORT.AZ/ Mərkəzi Bank "Rezidentlər və qeyri-rezidentlərin xarici valyutanı ölkəyə gətirməsi və ölkədən çıxarması Qaydaları"nı təsdiqləyib.

"Report"un məlumatına görə, yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan ölkəyə gətirə bilərlər, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 000 ABŞ dolları ekvivalentinə qədər olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə ölkədən nağd şəkildə çıxara bilərlər, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50 000 ABŞ dolları ekvivalentinə qədər olan xarici valyutanı onun əvvəllər ölkəyə nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən nağd şəkildə çıxara bilərlər, bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanı rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin ölkədən çıxarması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Yeni qaydalar martın 16-dan qüvvəyə minib.

Bununla da Mərkəzi Bankın İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə (06 nömrəli protokol) təsdiq olunmuş (02 aprel 2002-ci il tarixli 2778 nömrəli şəhadətnamə) "Fiziki şəxslərin valyuta sərvətlərini ölkəyə gətirməsi və ölkədən çıxarması Qaydaları" və bu qaydalara 18 fevral 2008-ci il tarixli (06 nömrəli protokol) dəyişikliklər (07 mart 2008-ci il tarixli 3385 nömrəli şəhadətnamə) ləğv edilib.

Digər xəbərlər