Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) 1 günlük depozit əməliyyatlarının orta məbləği 592 milyon manat olub.
“Report” bu barədə qurumun “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi davam etdirilib. Bu alətlərdən AMB-nin sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat daha yüksək olub.
Hesabat dövründə notların yerləşdirilməsi üzrə hərraclarda da ümumən tələbin təklifi üstələməsi müşahidə olunub. AMB müxtəlif müddətli 52 not hərracı keçirib. İyun ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1 335 milyon manat təşkil edib.
6 ay ərzində notların hərraclarda formalaşan gəlirliyi artıma meyilli olsa da, iyun ayında azalma müşahidə edilib. Son hərraclarda formalaşan gəlirlik 28 günlük notlar üzrə 5,89 %, 84 günlük notlar üzrə 7,34 %, 168 günlük notlar üzrə 8,31 %, 252 günlük notlar üzrə isə 8,85 % olub. AMB-nin notları üzrə gəlirlilik digər maliyyə alətlərinin faizlərinə təsir göstərməklə gəlirlik əyrisinin formalaşması baxımından mühüm rol oynayır.
Həmçinin dövr ərzində sterilizasiya məqsədli 240 milyon manat məbləğində 7 günlük 2 REPO hərracı keçirilib.