Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) şəhər layihələrinin işlənib hazırlanması və hazırlığı sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə hazır olduqlarını bildiriblər.
"Report" xəbər verir ki, bunu AIIB-in tərəfdaşlıq üzrə baş mütəxəssisi Pin Yen Çea Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda panel müzakirəsində deyib.
P. Çea layihə risklərinin minimuma endirilməsi üzrə birgə səylərdə ADB-in əhəmiyyətli rolunu vurğulayıb.
"ADB layihələrin hazırlanmasına resurslar ayırmaqla Asiya Şəhərlərinin İnkişafı Təşəbbüsü (CDIA) vasitəsilə əhəmiyyətli töhfə verib və bunun sayəsində AIIB Dəkkənin dirçəldilməsi layihəsi, o cümlədən gecəqondu məhəllələrinin modernləşdirilməsi komponenti üçün maliyyələşmə aça bilib. AIIB şəhər infrastrukturu və əlçatan mənzil təminatı sahəsində tərəfdaşlığı daha da genişləndirmək məqsədilə ADB nümayəndələri ilə məsləhətləşmələri davam etdirməyi planlaşdırır", - bankın mütəxəssisi bildirib.