"AFB Bank"ın mənfəəti 9 dəfə azalıb

“AFB Bank” ASC bu ilin I yarısını 634 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 88,5 % və yaxud 8,7 dəfə azdır.

Yanvar-iyun aylarında "AFB Bank”ın gəlirləri 14,663 milyon manat (illik müqayisədə 3,3 % çox), xərcləri 12,695 milyon manat (16,1 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,334 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 297,511 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,9 % çoxdur. Bunun 158,837 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,7 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 3,1 % artaraq 223,719 milyon manata, o cümlədən depozit portfeli 11,5 % artaraq 141,671 milyon manata çatıb, balans kapitalı isə 5,2 % azalaraq 73,792 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.

Digər xəbərlər