"AFB Bank"ın aktivləri 15% azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ “AFB Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 317,596 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% azdır.

“AFB Bank”ın aktivlərinin 66,3%-ni və yaxud 210,635 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 12,1% çoxdur.

Hesabat dövründə “AFB Bank”ın vaxtı keçmiş kreditləri 30,4% azalaraq 29,226 mln. manata, problemli kreditlərin ümumi kredit portfelində payı isə 22,35%-dən 13,88%-ə düşüb.

Martın sonuna “AFB Bank”ın cəmi öhdəlikləri 235,423 mln. manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,8% azdır. Bu dövrdə Bankın depozit portfeli 37,1% azalaraq 110,435 mln. manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 87,9% azalaraq 6,989 mln. manat olub.

Hesabat dövründə “AFB Bank”ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi olmayıb.

İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 2,6% artaraq 82,173 mln. manata çatıb.

Bu ilin I rübündə “AFB Bank”ın faiz gəlirləri 5,223 mln. manat (ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% çox), faiz xərcləri 684 min manat (37,8% az), qeyri-faiz gəlirləri 2,912 mln. manat (22,5% az), qeyri-faiz xərcləri isə 3,03 mln. manat (37,7% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 4,42 mln. manat olub. Bu illik müqayisədə 3% azdır.

“AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 3,545 mln. manat yönəldib və rübü 876 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Digər xəbərlər