Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 7 % olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri 2022” hesabatında bildirilir.
Hesabata əsasən, gələn il isə Azərbaycanda istehlak qiymətlərinin artım tempi bir qədər azalaraq 5,3 % olacağı gözlənilir.
ADB bu il Qafqaz və Mərkəzi Asiya regionunda illik inflyasiyanın 8,8 %, gələn il isə 7,1 % səviyyəsində reallaşmasını gözləyir. Bu il və gələn il üçün regionda ən yüksək inflyasiya Qırğızıstan (müvafiq olaraq 15 % və 12 %), Tacikistan (15 % və 10 %) və Türkmənistanda (13 % və 10 %) olması proqnozlaşdırılır.
Azərbaycanda keçirilmiş sorğunun nəticələrinə görə, ev təsərrüfatlarının 24 %-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7 % təşkil edib. İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4 %-dək azalacağını proqnozlaşdırır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6-7,1 % təşkil edəcək.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,2 %, qeyri-ərzaq məhsulları üzrə 106 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.
Bu ilin fevral ayında isə istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 101,1 %, ötən ilin fevral ayına nisbətən isə 111,9 % təşkil edib.