Asiya İnkişaf Bankı (ADB) texniki yardım, maliyyələşdirmə və investisiyalar vasitəsilə Azərbaycanda maliyyə sektorunun inkişafına və maliyyə inklüzivliyinə dəstəyi davam etdirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu, 29 noyabr 2023-cü il tarixində başa çatmış “Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün qeyri-bank maliyyələşdirməsinin və alternativ maliyyə alətlərinin inkişafı” layihəsinin yekun hesabatında öz əksini tapıb. Layihə beş il davam edib.
Hesabatda qeyd olunub ki, ADB-nin növbəti addımları maliyyə inklüzivliyini yaxşılaşdırmaq üçün siyasət üzərində işi, davamlı və iqlim maliyyəsi üçün normativ çərçivələrin və maliyyə alətlərinin hazırlanmasını əhatə edir. Digər tədbirlər çərçivəsində diqqət kiçik və orta biznes üçün “yaşıl maliyyə”yə çıxışın genişləndirilməsinə, eləcə də “yaşıl mənzil” maliyyələşdirilməsi üçün innovativ həllərin işlənib hazırlanmasına yönəldilməsi gözlənilir. ADB həmçinin Mərkəzi və Qərbi Asiya ölkələrində, eləcə də digər inkişaf etməkdə olan üzv ölkələrdə bu təşəbbüslərin genişləndirilməsi və ya tətbiqi imkanlarını da araşdırmaq niyyətindədir.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün qeyri-bank maliyyələşdirməsinin və alternativ maliyyə alətlərinin inkişafı” layihəsinin həyata keçirilməsinə 500 min ABŞ dolları ayrılıb ki, bunun da 90 %-i istifadə edilib. Azərbaycan Mərkəzi Bankının (AMB) xahişi ilə COVID-19-un təsirini qiymətləndirilməsinin ləğvi, virtual formatda seminarların keçirilməsi və ehtiyat vəsaitlərdən istifadə olunmaması səbəbindən isə 51,72 min ABŞ dolları məbləğinə qənaət edilib.
Layihə çərçivəsində ADB-nin tövsiyəsi ilə Mərkəzi Bank ucqar rayonlarda maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirmək üçün agent bankçılıq modelini tətbiq edib. 2022-ci ilin mart ayından etibarən “Azərpoçt” şəbəkəsinin pilot bank agenti kimi istifadəsi məhdud çıxış imkanlı regionlarda maliyyə xidmətlərinin yaxşılaşdırılmasına şərait yaradıb. Bu məqsədlə bir neçə normativ sənədə: 2024-cü ilin mayında Banklarda kredit risklərinin idarə edilməsi Qaydasına, 2023-cü ilin iyulunda isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna dəyişikliklər edilib. Həyata keçirilən digər tövsiyə isə bank olmayan kredit təşkilatlarına (BOKT) milli ödəniş sistemlərinə çıxışın təmin edilməsi, ödəniş hesablarının açılması və aparılması, kredit kartlarının buraxılması üçün icazələrin verilməsi ilə bağlı olub. Bu, BOKT-ların bankların vasitəçiliyi olmadan kredit verməsinə imkan yaradıb.
Bundan başqa, layihə çərçivəsində “Lizinq fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanaraq baxılmaq üçün dövlət qurumlarına təqdim edilib. AMB həmçinin sektorun problemlərinin təhlili və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında hazırlanmış mikromaliyyələşmənin inkişafı strategiyasını təqdim edib.
Layihəyə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlər də daxil edilib. AMB-yə müvafiq normativ hüquqi bazanın işlənib hazırlanmasında kömək etmək üçün beş əsas istiqamət - məhsul haqqında məlumatların açıqlanması, istehlakçılarla davranış, şikayətə baxılması mexanizmləri, fərdi məlumatların qorunması və hüququn tətbiqi mexanizmləri üzrə beynəlxalq təcrübəyə dair hesabatlar təqdim edilib.
Bu texniki yardımın nəticələrinin ADB-Azərbaycan tərəfdaşlıq strategiyasının hazırlanması zamanı nəzərə alınacağı gözlənilir.