Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın iştirakı ilə ümumi məbləği 2 milyon ABŞ dolları olan iki regional texniki yardım layihəsini təsdiqləyib.
"Report"un ADB-yə istinadən verdiyi xəbərə görə, 1,5 milyon ABŞ dolları dəyərində olan birinci regional layihə - "Birlikdə ACT: Mərkəzi və Qərbi Asiyada sürətlənirik, inkişaf və əməkdaşlıq edirik" Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.
İkinci regional layihə - 500 min ABŞ dolları dəyərində olan "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin təşviqi: 4-cü alt layihə" 13 ölkəni əhatə edir.
Hər iki layihənin Xüsusi Texniki Yardım Fondu vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur.
ADB qeyd edib ki, birinci layihə satınalmalar sahəsində potensialın gücləndirilməsinə, layihələrin hazırlıq səviyyəsinin artırılmasına, həmçinin Mərkəzi və Qərbi Asiya Departamentinin (CWRD) inkişaf etməkdə olan üzv ölkələrində portfel və layihələrin idarə edilməsinə yönəlib. Xüsusi diqqət ADB tərəfindən maliyyələşdirilən layihələr üzrə icraçı və həyata keçirən agentliklərin, xüsusilə də layihələrin hazırlanması və reallaşdırılmasının əsas mərhələlərində praktiki köməyə ehtiyac duyanların dəstəklənməsinə yönəldiləcək.
Texniki yardımın satınalmalar, müqavilə və layihə idarəetməsi sahəsində potensialın gücləndirilməsi üçün beynəlxalq və milli məsləhətçilərin cəlb edilməsi hesabına portfel keyfiyyətini yaxşılaşdıracağı və reallaşdırmada baş verə biləcək gecikmələri azaldacağı gözlənilir.
Bundan əlavə, inkişaf etməkdə olan ölkələrdə sonradan tətbiq edilməsi üçün analitik tədqiqatlar aparılacaq və portfel idarəetməsi ilə bağlı ən yaxşı təcrübələr sistemləşdiriləcək. Bu texniki yardımın əsas xüsusiyyəti bütün region üzrə potensialın və resursların inkişafı mərkəzlərinin (CDRC) institusional gücləndirilməsidir. Bu da ADB-nin əməliyyat prosedurlarının, xüsusilə layihələrin hazırlanması və həyata keçirilməsinin daha dərindən başa düşülməsinə və praktiki tətbiqinə yönəlmiş davamlı təlim proqramları və seminarlarla tamamlanacaq.
Texniki yardım, həmçinin Mərkəzi və Qərbi Asiyada institusional potensialın gücləndirilməsinə kömək edəcək. Layihə çərçivəsində CWRD ölkələrində CDRC-in yaradılması və möhkəmləndirilməsi, satınalmalara və layihələndirməyə hazırlığın artırılması, həmçinin layihələrin idarə edilməsi və həyata keçirilməsi potensialının gücləndirilməsi planlaşdırılır.
İkinci layihəyə gəldikdə isə bank qeyd edib ki, Asiya və Sakit okean regionu 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmaqla bağlı qrafikdən geri qalır.
COVID-19 pandemiyası regionun inkişafını daha da ləngitdi, xüsusilə qadınların vəziyyəti ilə bağlı sahədə, yoxsulluq və bərabərsizlik, səhiyyə və təhsil də daxil olmaqla sosialyönümlü DİM-lərlə əlaqəli həssaslıqları gücləndirib.
Eyni zamanda, iqlim dəyişikliyinə qarşı mübarizə, məsuliyyətli istehlak və istehsalın təşviqi, həmçinin quruda və suda həyatın qorunması kimi ekoloji DİM-lərə nail olmaqda tərəqqi xüsusilə ləng olub. Pandemiyanın nəticələri ilə daha da ağırlaşan büdcə məhdudiyyətləri ADB-nin inkişaf etməkdə olan üzv ölkələrinin DİM-lərlə bağlı məsələləri həll etmək qabiliyyətini əlavə olaraq məhdudlaşdırır.
Bu layihə çərçivəsində ADB-nin inkişaf etməkdə olan üzv ölkələrində DİM-lərə nail olmağa kömək edən daha keyfiyyətli proqram və layihələrin hazırlanması, eləcə də həyata keçirilməsi planlaşdırılır.
"Layihənin nəticələrinə əsasən, ölkələrin proqramları və 2030-cu ilədək maliyyələşdirməni dayanıqlı inkişaf sahəsində Gündəliklə uzlaşdırmaqla bağlı potensialı güclənəcək, əməliyyatların həyata keçirilməsi zamanı əldə edilmiş qabaqcıl təcrübələr haqqında bilik səviyyəsi artacaq, həmçinin nəticəyönümlü layihələndirmə və layihə idarəetməsi sahəsində imkanlar genişlənəcək", - məlumatda qeyd edilib.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb, mənzil-qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.