“Access Bank” QSC 2021-ci ili 1,106 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 57,8% və yaxud 2,4 dəfə azdır.
Ötən il “Access Bank”ın gəlirləri 111,962 milyon manat (əvvəlki illə müqayisədə 7,9% çox), xərcləri 110,698 milyon manat (8,8% çox), xüsusi ehtiyatlara ayırmaları isə 158 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Access Bank”ın aktivləri 932,15 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,9% çoxdur. Bunun 592,398 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 29,1% böyüyüb.
Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 10,9% artaraq 842,743 milyon manata, o cümlədən depozit portfeli 9,9% artaraq 689,828 milyon manata çatıb, balans kapitalı isə 6,7% azalaraq 89,407 milyon manata düşüb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89 %), Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), Hollandiya İnkişaf Bankı (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), “Responsability Management Company S.A.” (7,11 %), “Responsibility SICAV (Lux)” (2,91 %), EFSE (2,78 %), “Symbiotics SICAV (Lux)” (2,27 %), GGF (1,77 %), “LFS Advisory GmbH” (1,27 %), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58 %).