İyunun 14-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Access Bank" QSC-nin 2,5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 2,5 min ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.