“A-Qrup Sığorta” ASC 2022-ci ili 57 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 94,4% və yaxud 17,8 dəfə azdır.
Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 22,048 milyon manat (əvvəlki ilə nisbətən 7,4 % çox), xərcləri 21,977 milyon manat (14,1 % çox), mənfəət vergisi ödəmələri isə 14 min manat (94,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 29,202 milyon manat olub ki, bu da illik müqayisədə 15 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 35,9 % artaraq 17,738 milyon manata, balans kapitalı isə 7,1 % azalaraq 11,464 milyon manata düşüb.
Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.