Beynəlxalq Büdcə Əməkdaşlığı (IBP) təşkilatı tərəfindən hazırlanan 2023-cü il üzrə Açıq Büdcə İndeksi hesabatında Azərbaycanın bu il mümkün 100 baldan 67 bal toplayaraq 125 ölkə arasında 21 pillə irəliləməsi və 23-cü yeri tutması böyük uğurdur.
Bu fikirləri “Report”un Sumqayıt bürosuna açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Deputat qeyd edib ki, ilk dəfə olaraq Azərbaycan kifayət qədər məlumat dərc edən ölkələr qrupuna daxil olub:
"Bu, ölkəmizin büdcə məlumatlarının şəffaflığı və ictimaiyyət üçün əlçatanlığı baxımından böyük irəliləyişidir. Göstəricilərlə Azərbaycan qabaqcıl ölkələrlə eyni sırada yer alıb. Bu, ciddi irəliləyişdir və ölkəmizin büdcə proseslərinin şəffaflığını təmin etmək istiqamətində atdığı addımların uğurlu nəticəsidir".
T.Mirkişili bildirib ki, əldə etdiyimiz irəliləyişlər dövlətin ictimaiyyətlə daha açıq və şəffaf ünsiyyət qurmaq üçün atdığı addımların göstəricisidir:
"Şəffaflıq və hesabatlılıq sahəsindəki bu nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə imicini daha da möhkəmləndirəcək. Bununla yanaşı, bu nəticələr ölkəmizin iqtisadi inkişafına, maliyyə intizamının möhkəmlənməsinə və ictimai nəzarətin güclənməsinə töhfə verməkdədir. Bu istiqamətdə uğurlarımızın davamlı olacağına və daha böyük nailiyyətlər əldə edəcəyimizə əminəm".