"Quba"nın baş məşqçisi "Ordu" ilə oyunda hakim idarəçiliyindən narazı qalıb

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Ordu"ya uduzduqları (88:92) Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyununda hakim idarəçiliyindən narazı qalıb.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, əllərindən gələni etdiklərini bildirib:

"Amma serbiyalı hakim kobud səhvə yol verdi. Üç xal geridə olarkən 3 xallıq dəqiq atış etdik, amma hakim hücum foulu qeydə aldı. Bu da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi. Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirdilər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı. Rotasiya imkanımız da geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".

Qeyd edək ki, ilk görüşdə də rəqibinə uduzan (83:91) "Quba" çempionatda mübarizəni dayandırıb.

Xəbər lenti