Gökhan Edman: "EEVZA çempionatında ilk "üçlüy"ə düşməyi hədəfləyirik"

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) ilk "üçlüy"ə düşməyi hədəfləyir.

Bunu "Report"a açıqlamasında adıçəkilən yığmanın baş məşqçisi Gökhan Edman deyib.

Türkiyəli mütəxəssis millinin turnirə yaxşı hazırlaşdığını söyləyib:

"EEVZA bizim üçün çox önəmli turnirdir. Yaxşı hazırlaşdığımızı düşünürəm. Bu yarışda mübarizə apara biləcək komanda yaratmışıq. Bu yığma ilə çalışan əvvəlki mütəxəssislərə də təşəkkürümüzü bildiririk. Bizə çox yaxşı komanda saxlayıblar. Qrupda Polşa və Latviya ilə mübarizə aparacağıq. Qrupda birinci yeri tutan ilk pillə uğrunda, ikinci olan isə üçüncü yer uğrunda yarışacaq. Rəqiblərimizə qarşı yaxşı mübarizə aparacağımızı düşünürəm. İlk "üçlüy"ə düşməyi xəyal edirik".

O, hazırda Qubada təlim-məşq toplanışı keçən komandanın son durumu barədə danışıb:

"Azərbaycana gəldiyimiz gündən iki yaş qrupu ilə işləməyə başladıq. Həm gənc, həm də U-16 qızlarla çalışırıq. Onlarla iki həftəlik təlim-məşq toplanışı keçdik. Seleksiyadan sonra heyətdə müəyyən dəyişikliklər etdik. Qarşıdakı beynəlxalq turnirlərə daha döyüşkən heyət hazırlamaq istəyirik. Yarışlara geniş heyətlə hazırlaşmaq olmur. Hazırda Qubada təlim-məşq toplanışını davam etdiririk. Dil problemi yaşamırıq, idmançılarımız bizi, biz də idmançılarımızı yaxşı tanyırıq".

Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22–25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.

Digər xəbərlər