Azərbaycan millisinin voleybolçusu: "Avropa Liqasında bütün rəqiblərimiz güclüdür"

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Liqasındakı bütün rəqibləri güclüdür.

Bunu "Report" a açıqlamasında yığmanın hücumçusu Vüqar Bayramov deyib.

O, Avropada komandaların hər il inkişaf etdiyini vurğulayıb:

"Avropa Liqasındakı bütün rəqiblərimiz güclüdür. Ötən illə müqayisədə bu dəfə bizi daha çətin oyunlar gözləyir. Amma indi konkret fikir bildirmək, hədəflərdən danışmaq tezdir. Çünki milliyə kimlərin cəlb olunacağı, rəqiblərin turnirdə hansı heyətlə çıxış edəcəyi tam bəlli deyil. Avropa voleybolu həqiqətən çox güclüdür, komandalar hər il inkişaf edir. Həm özümüzə, həm də qadınlardan ibarət millimizə uğurlar arzulayıram".

Qeyd edək ki, reytinqdə 38-ci pillədə yer alan kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları qazandırır.

Digər xəbərlər