Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulub.
“Report”un məlumatına görə, turun bağlanış qarşılaşması Gəncə İdman Sarayında baş tutub.
B qrupunun matçında ev sahibi "Gəncə" "Sumqayıt"ı 94:92 hesabı ilə məğlub edib.
XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" NTD-ni 103:77, "Sabah" isə "Naxçıvan"ı 111:89 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra A qrupunun lideri "Sabah", ikinci sıranın sahibi "Naxçıvan" və üçünce yeri tutan "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin ediblər.
Adı çəkilən klublarla yanaşı B qrupunu ilk pillədə bitirmiş "Şəki" klubu da, birbaşa pley-off mərhələsinə yüksəlib. Reqlamentə əsasən digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.
Pley-ində "Sumqayıt"-"Sərhədçi", "Gəncə"-"Lənkəran", "Ordu"-"Quba" və "Abşeron"-NTD görüşləri reallaşacaq.
Qeyd edək ki, aprelin 10-da start götürəcək pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.