Vüqar Kərimov: "Azərbaycanda ətraf mühitin idarə edilməsində rəqəmsal texnoloji həllər aktiv istifadə olunur"

Bu gün Azərbaycanda ətraf mühitin idarə edilməsi prosesində rəqəmsal texnoloji həllər və coğrafi informasiya sistemləri aktiv şəkildə istifadə olunur.

Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, idarəetmə prosesində informasiya texnologiyalarından istifadə və elektron idarəetmə sahəsində yeni texnoloji mühitin yaradılması innovasiyaların tətbiqinə geniş imkanlar açıb: "Hazırda ölkə ərazisində yerləşən 72 sayda avtomat meteoroloji stansiyadan və 7 sayda ənənəvi stansiyadan daxil olan məlumatlar "Hidrometeorologiya" alt sistemi vasitəsilə analiz olunur və hidrometeoroloji proqnozların tərtib edilməsində istifadə edilir. Bir dəqiqə ərzində 6 dəfə stansiyalardan məlumatlar toplanaraq verilənlər bazasında arxivlənir və arxivlənən böyük həcmli məlumat yeni analizlərin aparılması üçün fürsətlər yaradır".

O qeyd edib ki, iqtisadiyyatın sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zəruri edib: "Ətraf mühitin innovativ yanaşmalarla idarə edilməsi, iş prosesində indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən texnologiyalardan istifadə Nazirliyin qarşısında qoyulmuş əsas məqsədlərdəndir. Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq çağrışlara qoşularaq ətraf mühitin idarə olunmasında yeni yanaşmaların tətbiqi, dayanıqlı inkişaf proseslərində innovativ fəaliyyət formalarından istifadə sahəsində səylər hazırda da davam etdirilir".

Digər xəbərlər