BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assamblesyasının bu gün Keniyanın paytaxtı Nayrobidə işə başlamış və sabah başa çatacaq növbəti sessiyasıda “UN-Habitat”ın 2026-2029-cu illər üzrə Strateji Planının, eləcə cə rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur.
"Report" bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sessiyada komitə sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Tədbir zamanı həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoqun və “UN-Habitat” Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində Komitə sədri, 13-cü sessiyanın (WUF13) milli koordinatoru A.Quliyev bir sıra rəsmi görüşlərdə iştirak edir. 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə “UN-Habitat”ın İcraçı Direktoru, eləcə də bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilir.
Həmçinin Forumda Azərbaycan stendi də yer alır. Stenddə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair nəzərdə tutulan planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə çatdırılır.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ali qərarverici orqan olan UN-Habitat Assambleyası BMT-yə üzv dövlətləri və əsas tərəfdaşları bir araya gətirərək şəhərsalma problemlərinin müzakirəsini, habelə bu sahədə qlobal siyasətin formalaşdırılmasını və 11-ci Dayanıqlı İnkişaf Məqsədi – şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etmək istiqamətində təşəbbüslərin həyata keçirilməsini təmin edir. Assambleyanın İkinci Sessiyasının ilk hissəsi 2023-cü ilin iyun ayında keçirilib.