Türkiyə “Orta Dəhliz” və Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə yük daşımalarını həyata keçirilməsi üçün konteyner qatarlarının sayını orta müddətdə 200-ə, uzun müddətdə isə 1 500-ə çatdırmağı hədəfləyir.
“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər BTQ vasitəsi ilə Türkiyədən Çinə 15, Çindən Türkiyəyə 207 qatar yola salınıb. Qatarların ümumi uzunluğu 92 kilometrə çatıb. 2020-ci ildə 52 milyon ABŞ dollarlıq daşıma həyata keçirildiyi halda, bu ilin sonuna qədər bu rəqəmin 110 milyon ABŞ dolları keçəcəyi gözlənilir.
Son 4 ildə 1 milyon 450 min ton ümumi yükün daşındığı xəttdə ortamüddətli perspektivdə 3,2 milyon ton, uzunmüddətli perspektivdə isə 6,5 milyon tondan çox yük daşınması nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyənin beynəlxalq aləmdə logistik gücünü gücləndirmək üçün BTQ xətti və "Orta Dəhliz" vasitəsilə Çin-Türkiyə-Avropa arasında dəmir yolu yük daşımalarının davamlı vəziyyətə gətirilərək qarşılıqlı yük daşımalrının daha da artırılması hədəflənir.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.