Rəsmi Aşqabad Avropa İttifaqı (Aİ) və Türkmənistan arasında nəqliyyat sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) böyük əhəmiyyət verir.
“Report”un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitində bildirib.
S.Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Mərkəzi Asiya və Avropa İttifaqı arasında iqtisadiyyat, investisiya, energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq potensialını yüksək qiymətləndirir və bu istiqamətləri prioritet hesab edir.
"Türkmənistan qəti şəkildə Aİ ilə enerji dialoquna hədəflənib və əməli addımlar atmağa hazırdır. Bundan başqa, Aİ ilə enerji tərəfdaşlığına kompleks şəkildə yanaşır, xammal və hətta neft-qaz sənayesinin hazır məhsullarının tədarükü ilə məhdudlaşmamağı təklif edirik, baxmayaraq ki, bu seqmentlər ənənəvi olaraq mühüm rol oynayıb və oynayacaq", - Türkmənistan Prezidenti bildirib.
S.Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan avropalı tərəfdaşları bərpa olunan enerji sahəsində tərəfdaşlıq imkanları və potensialının müzakirəsinə dəvət edir.
"Yaşıl enerji” sahəsində birgə layihələrin işə salınmasının tərəfdarıyıq. Məsələn, Türkmənistan elektrik enerjisi istehsalı gücünü artırır və onu Avropaya tədarük etməyə hazırdır. Əminəm ki, bu layihə yaxın vaxtlarda və qarşılıqlı faydalı əsasda həyata keçirilə bilər. Biz həmçinin avropalı tərəfdaşlarla külək və günəş enerjisindən istifadə sahəsində də işləməyə hazırıq. Bundan başqa, hidrogen enerjisi, nəqliyyat və kommunikasiyanın strateji istiqaməti sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçirməyə açığıq. Onun əsas komponenti şərq-qərb və qərb-şərq nəqliyyat və kommunikasiya xəttinin yaradılmasıdır. Burada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu mühüm rol oynayır", - o vurğulayıb.