Köhnə binaları söküb yenisini tikmək iqtisadiyyata böyük təkan verir - RƏY

Bir neçə ildir ki, Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtın bir sıra rayonlarında qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi proqramı həyata keçirilir. Mövcud böhrana, investisiyaların azalmasına və tikinti bazarında 5,6% düşməyə baxmayaraq, bu ilin mart-may aylarında bir sıra mikrorayonlarda sökülən beşmərtəbəli binaların yerində çoxmərtəbəli binaların tikintisi ilə bağlı işlər davam edib.

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a açıqlamasında qeyd edib ki, köhnə binaları söküb yenisini tikmək üçün tikinti şirkətlərinə güzəştlər edilməlidir:

“Bakı və Abşeronun bir sıra yerlərində istismar müddətini bitirmiş binalar var. Nazirlər Kabinetinin 2016-cı ildə verilmiş 86 saylı sərəncamına əsasən, istismar müddəti başa vurulmuş qəzalı binalar sökülüb yeniləri ilə əvəz olunmalıdır. Bu, bütün binalara şamil olunmur. 80-90-cı illərdə tikilmiş binalar var ki, onlar sökülməyəcək. Çünki bu qədər binanı eyni vaxtda söküb yenisini tikmək mümkün deyil. Söküntü işlərini dövlət deyil, özəl sektor aparır. Özəl şirkətlər binaları sökür, orda mənzilləri olan sakinlərə təmirli və böyük kvadratda mənzil verir, eyni zamanda, bina tikilib qurtarana qədər onların kirayə pullarını ödəyirlər. Bu xərclər çox baha olduğu üçün bəzi tikinti şirkətlərinə sərf etmir. Tikinti şirkətlərinin qazancı elə də çox deyil. Buna baxmayaraq, həmin binalar sökülməlidir. Çünki günbəgün bu binaların köhnəlməsi daha da artır. Odur ki, Azərbaycanda tikinti sektoru gücləndirilməlidir. Hazırda dövlət də pilot layihələrlə bağlı qanunlarda müəyyən qədər yumşaldılmalar edir.

Tikinti şirkəti köhnə binanı sökür, yerində yeni hündürmərtəbəli bina tikib sakinlərə verir. Mənzillər satılandan sonra şirkət həm tikinti xərcini çıxarır, həm də müəyyən qədər qazanc götürür. Nəzərə alaq ki, Bakıda torpaq çox bahadır. Düşünürəm ki, tikinti şirkətlərinə bir qədər təkan verilməli, güzəştlər edilməlidir. Bakıda elə ərazilər var ki, o ərazilərdə qanunla təsbit edilən normativlərə uyğun bina tikmək olar, lakin şirkət orda zərərlə də qarşılaşa bilər. Əgər bu şirkətlər həmin qəzalı binaları söküb yerində yeni binalar tikir və bununla da dövlətin üzərindən müəyyən yükü götürürlərsə, onlara güzəşt olunmalıdır. Eyni zamanda, bu şirkətlərin fəaliyyətinə güclü nəzarət də edilməlidir. Ötən illərdə tam qəzalı binanın kənarda qaldığı halda nisbətən sağlam binanın söküldüyünü görürdük. Çünki həmin binanın ərazisi daha yaxşı, daha geniş olurdu. Bu proseslərə nəzarət olunmalıdır. Bakıdakı bütün köhnə binaların sökülüb yerində yenisinin tikilməsi çox uzun illər tələb edir. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində yeni tikilənlər də köhnəlməyə doğru gedir. Prosesi tezləşdirmək üçün digər variant odur ki, dövlət milyardlarla pul ayırıb vətəndaşa kompensasiya verməlidir. Bu isə çox baha başa gəlir. Yaxud da tikinti şirkətləri üçün şərtlər bir qədər yumşaldılmalıdır”.

Ekspert bildirib ki, Azərbaycanda tikinti şirkətləri ancaq yerli vətəndaşlardan asılı vəziyyətdədir:

“Azərbaycanda dəfələrlə əmlak sərgisi keçirilib. Digər ölkələrdə də keçirilən sərgilərdə iştirak Azərbaycan şirkətləri iştirak edir. O sərgilərə Avropa ölkələri, Rusiya, Gürcüstan və digər ölkələrdən tikinti şirkətləri və əmlak mütəxəssisləri gəlib Azərbaycan vətəndaşlarını öz ölkələrinə cəlb edirlər. Araşdırsaq görərik ki, hər il Türkiyədən saysız-hesabsız azərbaycanlı ev alır. Bir müddət öncə Prezidentin tapşırığı ilə 400-dən çox binaya çıxarış verildi. Lakin bu məsələyə hər dəfə dövlət başçısı müdaxilə etməli deyil. Bir vətəndaş evinə çıxarış ala bilməyəndə digər insanlar da bunu görüb ev almaq fikirlərindən daşınırlar. Bu gün Bakıdakı evlərin çoxunda çıxarış yoxdur deyə vətəndaş evinə qeydiyyata düşə bilmir. Bu problemi yaşayan vətəndaş ikinci dəfə sənədsiz yerdən ev almır”.

E.Fərzəliyev qeyd edib ki, köhnə binaların sökülərək yerində yenisinin tikilməsi iqtisadiyyata böyük təkan verir.

“Bina söküləndə orda çoxlu sayda işçi qüvvəsi çalışır. Bu gün ölkəmizdə beton, armatur, kərpic zavodları fəaliyyət göstərir. Hər bina tikiləndə bu zavodlar da işlək vəziyyətdə olur. Orda çoxlu sayda işçi qüvvələri işləyir. Bina tikilib qurtarandan sonra mənzillərdə təmir işləri gedir. Bu isə tikinti materialları dükanlarının daha yaxşı işləməsinə səbəb olur. Sonra isə evin içini mebel və elektrotexika ilə doldurmaq lazım olur. Beləliklə, ölkənin tikinti sektoru inkişaf etdikcə bütün sahələr işlək vəziyyətə gəlir. Evi sökülən vətəndaşlar bir müddət kirayədə qalırlar ki, bu da kirayə bazarına böyük təkan verir. Bir halda ki, iqtisadiyyatımızın böyük hissəsi tikinti sektorundan asılıdır, biz bu sektoru çökməyə qoymamalıyıq”. 

Digər xəbərlər