Bakı. 6 may. REPORT.AZ/ Yasamal rayonu Müzəffər Həsənov küçəsində təmir-tikinti işləri həyata keçirilir. Hələlik işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan ərazidə aparılır və yekunlaşmaq üzrədir. Artıq ərazidə yeni asfalt-beton örtüyünün üst qatı döşənir. Asfaltlanma işləri bitəndən sonra ərazidə nişanlanma xətləri çəkiləcək və zəruri yerlərdə yol nişanları quraşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, küçədə artıq yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.
Analoji işlər küçənin qalan ərazisində, daha doğrusu, “Şamaxinka” ərazisinə qədər olan hissəsində də həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.