Bakıda metro qatarlarında "wi-fi"ın qurulması təklif olunur

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı metrosunun qatarlarında "wi-fi" şəbəkəsinin yaradılması təklif edilir.

"Report" xəbər verir ki, bunu "Caspian European Club"un Bakıda təşkil etdiyi nəqliyyat biznes-forumu çərçivəsində "Azərtelekom" MMC-nin biznesin inkişafı üzrə direktoru Səbinə Məmmədli bildirib.

S.Məmmədlinin sözlərinə görə, şirkət bu layihə ilə bağlı Dövlət Radiotezlikləri İdarəsinə (DRTİ) müraciət edib: "Lakin problem ondan ibarətdir ki, Tarif Şurası 2002-ci ildən yeni texnologiyalar, habelə simsiz rabitə barədə tariflərində heç bir dəyişikliklər etməyib. Bu sahə ilə bağlı məlumat yoxdur. Bu layihəni də köhnə tariflərlə hesabladıqda o, uğurlu nəticə vermir". 

"Məsələ ilə bağlı DRTİ ilə müzakirələr də aparmışıq. Hazırda "Azertelekom" şirkəti Tarif Şurasının tariflərində hər hansı bir dəyişikliklər edib-etməyəcəyi ilə maraqlanır", - deyə S.Məmmədli qeyd edib.

Xəbər lenti