"Azərpoçt":  AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası dünyaya yayılacaq

"Azərpoçt" MMC "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) qəzaya uğramış J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının dünyaya yayılmasına çalışacaq.

"Report" xəbər verir ki, bunu "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev AZAL-ın təyyarə reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, AZAL-ın qəzaya uğramış J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatının AZAL və "Azərpoçt"un birgə təşəbbüsü kimi həyata keçirilməsi "Azərpoçt" üçün xüsusi əhəmiyyət daşıyır: "Bu layihənin icrası iki dövlət qurumunun yalnız funksional deyil, mənəvi məsuliyyəti də bölüşdüyünün göstəricisidir. AZAL bu hadisənin tarixini yaşadan tərəfdirsə, "Azərpoçt" həmin tarixi ölkədən-ölkəyə, ünvandan-ünvana daşıyan körpüdür".

İ. Mustafayev qeyd edib ki, bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq: "Azərpoçt" qarşıdakı 4 il ərzində Ümumdünya Poçt İttifaqı ilə münasibətlərdən istifadə edərək bu markanın bütün dünyaya yayılmasına çalışacaq".

Sonda o həmçinin vurğulayıb ki, AZAL-ın əməkdaşlarının, pilot və təyyarə bələdçilərinin fədakarlığı sayəsində təyyarə qəzası zamanı insan itkisi az olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Digər xəbərlər