Azərbaycanda statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, rəsmi statistika hesabatı formalarının beynəlxalq standartlara və müasir metodologiyalara uyğun təkmilləşdirilməsi müzakirə edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr komitədə sənaye sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşdə aparılıb.
Görüş respondentlərin statistik hesabat yükünün azaldılması məqsədilə təşkil olunub.
Tədbirdə Komitənin Sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə təqdimatla çıxış edərək sənaye statistikası üzrə hesabatlılığın hüquqi və metodoloji əsasları, məlumatların məxfiliyinin qorunması, hesabat formalarının doldurulması qaydaları və statistik məlumatların yayımı barədə məlumat verib.
Təqdimatda, həmçinin inzibati məlumatlardan istifadənin genişləndirilməsi, süni intellekt texnologiyalarının statistik proseslərdə tətbiqi üzrə nəzərdə tutulan istiqamətlər və qarşıda duran digər prioritetlər diqqətə çatdırılıb.
Görüşün sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar cavablandırılıb.