Azərbaycan və Türkiyə qida təhlükəsizliyində ortaq mexanizm qurur

Azərbaycan və Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq ortaq mexanizmlərin formalaşdırılması ilə daha da dərinləşir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müavini Əziz Şərifov Azərbaycan–Türkiyə II İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bu yanaşma iki ölkə arasında ticarət prosedurlarının sadələşdirilməsinə, eləcə də qarşılıqlı ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Ə.Şərifov bildirib ki, hazırda reyestrdə Türkiyəyə məxsus yüksək riskli məhsullar istehsal edən 253 müəssisə barədə məlumat mövcuddur və onlardan 119-u AQTA tərəfindən yerində qiymətləndirilərək təsdiqlənib: "Aparılmış qiymətləndirmələrin nəticələri və Türkiyə tərəfinin müraciəti əsasında AQTA Kollegiyası Türkiyənin təsdiq sisteminin ekvivalentliyini qismən tanıyıb. Ekvivalentliyin tanınmasından sonra Türkiyə ixracatçıları üçün sadələşdirilmiş rejim tətbiq edilib. Artıq AQTA tərəfindən yerində qiymətləndirməyə ehtiyac qalmadan, Türkiyə tərəfindən verilən zəmanət əsasında təsdiqlənmiş müəssisələr heyvan mənşəli məhsullarını Azərbaycana ixrac edə bilirlər".

Onun sözlərinə görə, bu mexanizm çərçivəsində 134 Türkiyə müəssisəsi heyvan mənşəli məhsullar üzrə reyestrə daxil edilərək məhsullarını Azərbaycana göndərməyə başlayıb: "Minlərlə Türkiyə mənşəli bitki mühafizə vasitəsi, baytarlıq preparatı və bioloji aktiv qida məhsulu qeydiyyata alınaraq daxili bazara buraxılıb. Görülən tədbirlər Türkiyədən Azərbaycana qida məhsullarının ixracında artım dinamikasının formalaşmasına səbəb olub və nəticə etibarilə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərib".

Digər xəbərlər