Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 268,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 11,8 % artıb.
Yanvar-sentyabr aylarında 1 516 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 134 ədəd və yaxud 9,7 % çox minik avtomobili istehsal olunub. Bu il oktyabrın 1-nə ölkədə 366 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 9 ayı ərzində Azərbaycanda 510 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,3 dəfə çoxdur. Nəticədə, bu il oktyabrın 1-nə ölkədə 57 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, Azərbaycanda minik avtomobilləri Neftçala sənaye məhəlləsində və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.