Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı ilə yüksək səviyyədə əməkdaşlıq edir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və BMT arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq bir sıra vacib layihələrin icrasına imkan verib.
"Ümumdünya Şəhərsalma Forumu yüksək səviyyədə keçiriləcək. Biz-birimizdən çox şey öyrənəcəyik", - deyə Komitə sədri əlavə edib.
***
Bundan başqa, A. Quliyev deyib ki, bu il Bakıda Ümumdünya Məskunlaşma Günü keçirilib: "Bu onu göstərir ki, Azərbaycan beynəlxalq tərəfdaşlar üçün çox vacib platforma rolunu oynayır".
Komitə sədrinin sözlərinə görə, ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib: "Həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, ikincisi dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, üçüncüsü rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, dördüncüsü işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və dinamik inkiluziv böyük qayıdış, yaşıl artımdır".