Afrika dövlətlərinin şəhər inkişafı sahəsində beş fundamental dəyişikliyə ehtiyacı var.
"Report" xəbər verir ki, bu barədə Afrika İttifaqının nümayəndəsi İsaka Qarba Abdu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bildirib.
"Bu istiqamətlərdən birincisi - mənzil siyasəti və şəhər inkişafı prioritetlərini milli strategiyalara və iqlim proqramlarına inteqrasiya etməkdir. İkincisi - torpaq rentasının tutulması mexanizmlərini tətbiq etmək və torpaq inzibatçılığı sistemini modernləşdirmək, üçüncüsü - şəhər hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini genişləndirmək məqsədilə vergi-büdcə mexanizmlərini gücləndirmək, dördüncüsü - əlçatan mənzil maliyyələşdirilməsinə və kapital bazarlarına daha geniş çıxışı təmin etmək, beşincisi isə qeyri-rəsmi yaşayış məskənlərini, gəncləri və "kölgə iqtisadiyyatı"nı rəsmi şəhərsalma planlaşdırılması sisteminə daxil etməkdir", - o vurğulayıb.