ADB-nin yubiley görüşü gələn il Naqoyada keçiriləcək

Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (ADB) 60-cı illik toplantısına ev sahibliyi edəcək Yaponiyanın Naqoya şəhərinin təqdimatı keçirilib.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, yubiley görüşünün 2027-ci il mayın 2-dən 5-dək baş tutması planlaşdırılıb.

Tədbirinin əsas mövzusu "Tərəfdaşlığın möhkəmləndirilməsi, transformasiyanın stimullaşdırılması" konsepsiyasıdır. Təqdimatda vurğulanıb ki, son vaxtlar region dövlətləri təbii fəlakətlərin intensivləşməsi, səhiyyə sahəsindəki böhran halları və geosiyasi ziddiyyətlərin güclənməsi ilə bağlı artan qeyri-müəyyənliklə üzləşir. Bu şəraitdə inkişaf sahəsindəki vəzifələr getdikcə daha da mürəkkəbləşir, ADB-nin fəaliyyətindən gözləntilər isə ildən-ilə artmağa davam edir.

Naqoya Yaponiyanın ən sürətlə inkişaf edən mərkəzlərindən biridir. Şəhər Asiya ərazisində və onun hüdudlarından kənarda istehsal-satış zəncirlərinin dəstəklənməsini təmin edən qlobal sənaye istehsalı və innovasiya mərkəzi kimi tanınıb. Region yüksək inkişaf etmiş nəqliyyat infrastrukturu, zəngin tarixi-mədəni irsi və qonaqpərvərlik ənənələri ilə seçilir. Yaponiya uzun müddətdir öz qabaqcıl texnoloji həlləri, zəlzələ və sunamilərin fəsadları ilə mübarizə sahəsində topladığı təcrübə, habelə özəl sektorun imkanlarından istifadə edərək ümumregional problemlərin həllinə kömək edir.

Digər xəbərlər