Azərbaycan qlobal ağıllı və aşağı karbonlu dəmir yolu ekosisteminin formalaşmasına mühüm töhfə vermək qabiliyyətinə malikdir.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Yeni Enerji Sahələri Departamentinin direktoru Sindi Sisneros Tianko "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin dekarbonizasiya üzrə birgə layihəsinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, dünyanın hər yerində dəmir yolu sektoru elektrikləşmə, rəqəmsallaşma və enerjinin istehsalı və istehlakında dərin dəyişikliklərlə səciyyələnən yeni bir dövrə qədəm qoyur.
"Yaponiya və Çindən Avstraliya və Avropaya qədər dünya liderləri ağıllı, aşağı karbonlu dəmir yolu ekosistemləri formalaşdırırlar. Azərbaycan həm bu prosesə qoşulmaq, həm də onun gələcəyinin formalaşmasında iştirak etmək üçün unikal imkana malikdir", - S.Tianko vurğulayıb.
O qeyd edib ki, ADB-nin ADY üçün texniki yardımının unikallığı həm mühəndislik, həm də maliyyə sahəsində innovasiyaları bir araya gətirməsindədir.
"Mühəndislik tərəfdən biz inteqrasiya olunmuş həlləri (bərpa olunan enerji mənbələri, batareya saxlanc sistemləri, ağıllı mikroşəbəkələr, rekuperativ əyləcləmə və hətta karbon sekvestrasiyası) öyrənəcəyik. Onların sistemli şəkildə tətbiqi qalıq yanacaq istifadəsini azaltmağa, elektrik şəbəkəsindən asılılığı azaltmağa, karbon izini və uzunmüddətli perspektivdə ADY-nin enerji xərclərini minimuma endirməyə imkan verəcək", - o izah edib.
S.Tiankonun sözlərinə görə, dərin dekarbonizasiyanın əsas hərəkətverici qüvvəsi olan maliyyə alətləri də əhəmiyyət kəsb edir. Bura karbon monetizasiyası, "yaşıl maliyyə", bərpa olunan enerji sahəsində dövlət-özəl tərəfdaşlığı, yüklərin avtomobil yollarından dəmir yoluna keçirilməsi üçün strateji logistika tərəfdaşlıqları, eləcə də hazır investisiya həlləri kimi müasir enerji sistemləri daxildir.
"Elektrik enerjisinin uzunmüddətli alqı-satqı müqavilələri özəl investisiyaları cəlb etməyə kömək edəcək, nəticəyə əsaslanan ödənişli lizinq mexanizmləri isə qabaqcıl texnologiyaların tətbiqini daha əlçatan edəcək. Bu alətlər əlavə elementlər deyil, nəzarət olunan fiskal yük saxlanılmaqla ADY-nin irəliləyişini sürətləndirən katalizatorlardır", - ADB nümayəndəsi vurğulayıb.
O, həmçinin qeyd edib ki, batareya sistemləri, mikroşəbəkələr və ağıllı yarımstansiyalar kimi müasir texnoloji həllər yalnız güclü institusional və idarəetmə bacarıqları ilə müşayiət olunduqda maksimum nəticə verir.
"Məhz buna görə bu texniki yardım ADY-nin müasir, aşağı karbonlu dəmir yolu sisteminin onilliklər boyu fəaliyyəti üçün zəruri olan texniki, əməliyyat və idarəetmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. Biz bu proqramı uzunmüddətli tərəfdaşlığın mühüm mərhələsi kimi görürük", - S.Tianko vurğulayıb.