Bakı. 6 dekabr. REPORT.AZ/ “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Tovuz, Qazax, Ağstafa rayonlarında təşkil olunan tədris-hazırlıq kurslarının toxucuları ilə görüşüb.
"Azərxalça"nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşlərdə Füzuli (Horadiz), Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Ağdam (Quzanlı), Tovuz, Qazax və Ağstafa rayonlarında xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub.
Məlumata görə, "Azərxalça"nın fəaliyyəti dövründə Tovuz rayonundan 90, Qazax rayonundan 118, Ağstafa rayonundan isə 141 nəfər toxucu tədris hazırlıq kurslarına cəlb edilib. Onların arasında peşəkar xalça ustaları ilə yanaşı, bu sənətə yeni başlayan gənclər də var. Kurslar xalçaçılığa dair əyani materiallarla, dərslik və ədəbiyyatlarla təchiz edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 05 may tarixli sərəncamı ilə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricində satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni habeləbu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir. İlkin mərhələdə Füzuli (Horadiz), Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Ağdam (Quzanlı), Tovuz, Qazax və Ağstafa rayonlarında tədris-hazırlıq kursları təşkil olunmuşdur. Bu kurslarda ustad xalçaçılar tərəfindən müxtəlif yaş kateqoriyalarına aid olan qadınlara xalçaçılıq sənəti tədris edilir, onların bacağırı və istedadı təcrübədə sınaqdan keçirilir. Cəmiyyətin oktyabrın 12-dən faəliyyətə başlayan Füzuli rayon filialında bu kursların yetirmələri olan 150 nəfər yerli toxucu çalışır.