Yeni texnologiyaların, süni intellekt və avtomatlaşdırmanın geniş tətbiqi təmin olunmasa, şirkətlərin və ölkələrin rəqabət qabiliyyəti ciddi şəkildə zəifləyəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin sağlamlıq və əməyin mühafizəsi üzrə müşaviri Məmməd Əlizadə "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
"Əgər biz yeni texnologiyalardan, süni intellektdən və avtomatlaşdırmadan səmərəli istifadə etməsək, rəqabət qabiliyyətimizi həm fərdi və şirkət səviyyəsində, həm də cəmiyyət və dövlət səviyyəsində ciddi şəkildə itirəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, süni intellektlə bağlı əsas risklərdən biri insanların tam avtomatlaşdırılmış sistemlərə həddindən artıq güvənərək qərarvermə prosesindən kənarda qalmasıdır: "Bu real təhlükədir. İnsanlar bu sistemlərə inanaraq qərar qəbuletmə funksiyasını onlara həvalə edə bilərlər, amma buna ehtiyatla yanaşmalıdırlar. Hər bir qərarın arxasında məsuliyyət və hesabatlılıq dayanır. Əgər süni intellektin verdiyi tövsiyə nəticəsində uyğunsuzluq, hadisə və ya risk yaranarsa, belə bir sual ortaya çıxacaq: bu nəticəyə necə gəlinib?".